Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İmam Zaman haqqında (ə.f) maarif və təlimlərinin yayılması məqsədilə «İdeal cəmiyyətə doğru» adlı silsiləvi məhdəviyyət mövzuları hörmətli oxucuların diqqətinə çatdırılır.
Məsum imamların (ə) qeybətdə olan imamın faydaları haqqında söylədikləri rəvayətlərdə gözəl bir bənzəməyə yer verilərək, həzrət Məhdi (ə.f) qeybət dövründə buludların arxasında olan günəşə bənzədilmişdir. Şübhəsiz ki, bu bənzətmə hikmətə əsaslanır. Buna görə də şiə alimləri bu bənzətməni izah edərkən dəyərli məqamları qeyd etmişlər. Onlardan bəzilərinə nəzər salaq:
1. Günəş: Günəş sistemində əsas və mərkəzi mövqeyə malikdir. İmam Zaman (ə.f) da insanların həyat sistemində önəmli və əsas insandır.
2. Günəşin varlıq aləmində çoxsaylı faydaları vardır və onlardan yalnız biri işıq saçmasıdır. İmam Zamanın (ə.f) da yaradılış nizamında çoxsaylı faydaları vardır və bu faydaların yalnız kiçik bir hissəsi onun zahir olması ilə əlaqəlidir.
3. Bulud günəşin üzünü yer üzündə yaşayan insanlardan gizlədir, lakin heç vaxt yer üzünü tamamilə qaranlıq etmir. Qeybət pərdəsi də insanları yalnız İmam Zamanla (ə.f) birbaşa görüşməkdən məhrum edir və onun insanlara nur saçmasına heç bir maneə yaratmır.
4. Buludlanma yer üzünün və yer üzündə yaşayanların qarşılaşdığı bir haldır, günəşin özündən qaynaqlanmır. Qeybət də insanların davranışlarının nəticəsidir.
5. Bulud yalnız onun altında olan insanlar üçün maneədir. Əgər kimsə yerin cazibə qüvvəsinə qalib gələrək buludların üzərinə yüksəlsə, artıq bulud onun üçün maneə olmayacaq. Qeybət dövründə də əgər insan dünyəvi cazibələrə qalib gəlsə və layiq olduğu şəkildə mənəvi yüksəliş əldə etsə, qeybət pərdəsini aşaraq həmin gizli günəşlə görüşə nail ola bilər.
6. Günəşdən faydalanmaq baxımından ona inananlarla onun varlığını inkar edənlər arasında fərq yoxdur. İmamın yaradılış aləmindəki faydalarından bəhrələnmək baxımından da imamın varlığını inkar edənlərlə ona etiqad edənlər arasında fərq yoxdur.
7. Yalnız günəşin faydalarını tam dərk edən insanlar buludların həqiqi şəkildə çəkiləcəyi günü gözləyirlər. Qeybət dövründə də İmamı tanımaq və onun haqqında mərifətə sahib olmaq həqiqi intizarın daha da dərinləşməsinə səbəb olur.
Belə bir çox misal və bənzətmə saymaq olar.
Buna görə də şübhə yoxdur ki, canlıların dünyanı işıqlandıran günəşdən qarşısında heç bir maneənin olmadığı zaman faydalanması daha çox və daha kamil olur. Lakin bu, günəşin üzərində pərdə yaranmasının ondan bütün və ya əksər faydalanma imkanlarını aradan qaldırması demək deyil. Əksinə, bu maneə yalnız onun bəzi faydalarını aradan qaldırır və ya həmin faydalardan bəhrələnmə səviyyəsini azaldır.
İmamın zahiri şəkildə insanların arasında olduğu dövr və onun zühuru da o deməkdir ki, İmamın bütün faydaları insanlara çata bilər. Əgər hər hansı bir maneə İmamın kamil nemət və faydalarının başqalarına çatmasına əngəl olarsa, bu, onun varlığının faydasız olduğu anlamına gəlmir. İmamın qeybət pərdəsi arxasında mövcud olması, onun zalım hakimlərin zindanlarında olduğu dövrdəki varlığı qədər faydalıdır. Əlbəttə, qeybət zindanı ilə zalım hakimlərin zindanı arasında çoxlu fərqlər vardır. Lakin hər ikisi müəyyən mənada İmamın varlıq aləminə və insanlara çatdırdığı kamil fayda və nemətlərin qarşısını alan maneələrdir.
Xülasə, qeybət məsələsi məsum İmamın (ə) varlığının zəruriliyini və hikmətini inkar etmir. Çünki məsum İmam qeybət halında da mövcuddur və onun faydaları digər insanlara çatır. Sadəcə olaraq, insanların öz səhlənkarlığı və təqsiri nəticəsində İmamın bəzi faydaları qeybət dövründə onlara çatmır. Bu vəziyyəti dəyişmək və onun zühuru üçün şərait yaratmaq insanların öz üzərinə düşür. İnsanlar lazımi hazırlığı formalaşdırmaqla həzrət İmam Zamanın (ə.f) zühuru üçün münasib şəraiti təmin etməlidirlər.
Bu mövzuların ardı var...
Mənbə: «Fərhəngnameye Məhdəviyyət» kitabından, müəyyən dəyişikliklərlə.
Rəyiniz